admin/ January 12, 2014/ Məqalə

Bu mövzuda süd və süd məhsulları barəsində qısa amma ətraflı məlumat verməyə çalışacayıq. Müqəddəs kitabımız  “Qurani Kərim” də süd haqqında belə buyrulur: “Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr.”(Nəhl surəsi, 66-cı ayə).

Göründüyü kimi süd çox dəyərli bir nemətdir. Gəlin indi araşdıraq görək süd və süd məhsulları “Halallən Təyyibən” prinsipləri ilə nə dərəcədə uzlaşır. Mövzu çox böyük olduğundan dəyərli oxucularımız üçün əsas istiqamətlərdən danışacayıq ki, onlar bu məhsullardan istifadə edəndə rahat seçim edə bilsinlər.

1)Əksər hallarda “dədə-baba” metodu ilə hazırlanan məhsullarda heç bir problem olmur. Amma son dövrdə bəzi “xırda tacirlər” bu işi də çox rahat halda həyata keçirirlər. Məsələn son dövrlərdə südə su, kraxmal hətta təbaşirin də qatılması hallarına rast gəlinir. Bundan əlavə yerli bazar və yarmarkalarda süd satan zaman istifadə edilən qablar(butulka, banka və s.) bəzən küçədən tapılır və təmizlənmədən əhaliyə satılır. Belə hallara diqqətlə fikir vermək lazımdır. Bundan başqa normal şəkildə toplanan süd xüsusi iyə malik olmamalıdır və rəngi çox şəffaf olmamalıdır. Bu o deməkdir əgər süddən xüsusi şəkildə hər hansı bir iy hiss olunursa onda heyvan saxlayan və südü toplayan şəxs heyvanı yaxşı şəkildə təmizləməyib. Heyvandan ayrılan tər hissəcikləri həmin qaba və ya südə qarışmışdır. Yaxudda bəzən süddən kəskin şəkildə yağ qoxusu gəlir ki, bu da həmin südə əlavə qatqıların qatıldığını göstərir. Südün rəngi ağımtıl, bəzən isə krem rənginə oxşayır. Əgər südün rəngi çox şəffaf və ya bulanıq olarsa bu o deməkdir ki, müvafiq qaydalara uyğun olmayan şəkildə hazırlanmışdır.Bundan başqa əgər yerli bazarlardan açıq şəkildə süd alınırsa onu mütləq bişirib qaynatmaq lazımdır. Bu halda süddə ola biləcək mikroblar və mikroorqanizmlər(brusulyoz, vərəm və s. xəstəlikərin törədicləri) məhv olur və insan orqanizmi üçün təhlükə törətmir.

2)İkinci yol hal-hazırda geniş şəkildə yayılan sənaye üsuludur. Südün bu formada istehsalı və satışının özünəməxsus müsbət və mənfi cəhətləri vardır. Belə ki südün tərkibinə son dövrlər müxtəlif qatqılar, emuqlyatorlar, qida əlavələri qatırlar. Bu qatqıların mənbəyi halal maddələrdən alınıbsa və müvafiq dövlət standartlarına uyğun hazırlanıbsa onda həmin süddən istifadə etməyin heç bir problemi yoxdur. Çalışın xüsusi şəkildə zəngilləşdirilmiş südlərdən istifadə etməyin. Necə deyərlər sadəlik-gözəllikdir!

Yağlar

Əslində yağların hazırlanmasında əlavə qatqılardan istifadə edilməməlidir, amma son dövrlər bəzi hallarda müəyyən qatqılar əlavə edilə bilər. Məsələn yağın sudan ayrılmaması və yaxud daha parlaq rəng vermək üçün bəzi əlavələr istifadə edilə bilər. Hər ehtimala qarşı yağları alarkən onların tərkibinə diqqət yetirin.       

Pendir

Pendirin müxtəlif növləri mövcuddur və onların alınması metodları bir-birindən fərqlənir. Məsələn, kənd pendiri, mosarello, çeddar və s növlü pendirlərin hazırlanmasında qida qatqıları istifadə olunur. Bitki tərkibli qida qatqıların istifadə edilməsi bir problem yaratmır, amma heyvan mənşəli və ya insan orqanizminə ziyan verə biləcək qatqılardan istifadə edərkən diqqətli olmaq lazımdır.

Smetan, yoqurt

Bu məhsulları südün sonrakı emal nəticəsində və əlavə qatqılar istifədə edilərək əmələ gəlir. Müxtəlif xüsusiyyətlər əmələ gətirməkdən ötrü bu məhsullara jelatin, emuqlyatorlar vurula bilər. Bu qatqıların mənşəyi halal və ziyansız olmalıdır. Xüsusilə yoqurtda jelatin maddəsindən daha çox istifadə edilir. Jelatin isə əksər hallarda mənşəyi Haram məhsullardan alınır. Ona görə də bu məhsulları alarkən üzərindəki tərkibləri oxumaq tövsiyyə edilir.

Dondurma

Dondurma süd məhsulları içərisində ən çox sual doğuran məhsullardan biridir. Çünki onun hazırlanmasında çox hallarda vanildən və ya jelatindən istifadə edilir. Vanilin alınması üçün mütləq 35% alkaqollu məhluldan istifadə edilir. Jelatin isə 80 % hallarda halal olmayan maddələrdən alınır.

Ümumiyyətlə çalışın məhsul alarkən onun üzərindəki tərkibi oxuyun və daha çox sadə tərkibli məhsullara üstünlük verin. Bu işdə tənbəllik, süstlük göstərməyin.

Sonda Allah Təalaya dua edək və Ondan istəyək ki, bizləri tənbəllik və süstlükdən uzaq etsin və bizləri biri-birimizlə biliklərini bölüşdürənlərdən qərar versin! Amin!

Materialdan istifadə zamanı  halalgroup.az saytına  istinad vacibdir.