admin/ February 26, 2014/ Məqalə

Əslində bu məqaləni yazmağa vadar edən səbəb son günlər aktuallaşan halal qida standartları və sertifikatlaşdırma barəsəində cərəyan edən fikir müxtəlifliyidir.

Halal sertifikatlaşdırma beynalxalq təcrübədə geniş istifadə olunur. Onun əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir (sertifikat). Bu sənəd həmin istehsalçıya verilirsə və həmin istehsalçının istehsal etdiyi məhsulun üzərinə müvafiq şəkild qəbul edilmiş “Halal” loqosu (işarəsi) təsvir edilirsə onda müştərinin həmin məhsulun tərkibi ilə bağlı araşdırma aparmağa ehtiyac qalmır. Daha dəqiq desək, halal sertifikatlaşdırma-qida məhsulunun hazırlanmasının, qablaşdırılmasının eləcə də qida təhlükəsizliyinin idarə edilməsinin(menecmentin), avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir.

Ümumilikdə hal-hazırda dünya üzrə Halal qida standartlarına uyğun olaraq ərzaq və qeyri-ərzaq mallarının dövriyyəsinin illik həcmi 2 trillion dolları ötüb keçib. Bu həqiqətən də çox böyük bir məbləğdir. Bu da öz növbəsində nəinki müsəlman ölkələri istehsalçılarının, eləcə də qeyri-müsəlman ölkələri istehsalçılarının marağına səbəb olmuşdur və yüksək rəqabət mühiti yaratmışdır. Çünki hər bir istehsalçı bu böyük ticarət dövriyyəsində iştirak etmək və burdan pay götürmək niyyətindədir.

Təəssüflər olsun ki, Azərbaycanda bu işin təşkili demək olar ki, yox dərəcəsindədir. Çoxlarının təsəvvürünə halal qida standartları dedikdə – yalnız “bismillah” kəlməsinin deyilməsi və ya donuz ətinin olmaması gəlir. Amma bu standart müasir qida sektorunda çörəkdən başlayaraq şirniyyata, içməli sulara qədər geniş bir diapazonu əhatə edən bir məsələdir.

Məlumat üçün bildirək ki, hal-hazırda beynalxalq səviyyədə tanınn halal standartlarda müəssələr üçün  irili – xırdalı 100-dən artıq tələb var və bunu tətbiq etmək istəyən müəssisə üçün çox çətin sertifikatlaşdırma prosesi mövcuddur.

Bundan başqa müəssisələrdə bu standartı sertifikatlaşdırmaq prosesini öz öhdəliyinə götürən qurumun (mülkiyyət formasından asılı olmayaraq istər özəl istər dövlət qurumu) bu işi yerinə yetirmək üçün müvafiq bilik və bacarığı, təcrübəsi olan mütəxəsisslərə malik olmalıdır. Həmin qurum yalnız halal sertifikatlaşdırma sahəsinə daxil olan məhsul və xidmətlərin sertifikatlaşdırılması ilə məşğul olmalıdır. Eyni zamanda məsələn, həm şampan şərabına həm də halal ət məhsuluna sertifikat verən bir qurum olmamalıdır. Sertifikat verən qurumun konkret standart və halal sertifikatlaşdırma qaydaları olmalıdır.

Təəssüflə qeyd etmək olar ki, hal-hazırda Azərbaycanda yuxarıda göstərilən tələblərə cavab verən heç bir müəssisə yoxdur. Yerli müəssisələrin əksəriyyəti öz məhsullarına özləri qiymət verir və “halal”,  “islamı qaydalara uyğun” və sairə kimi sözlərdən istifadə edərərək istehlakçıları bir növ inandırmağa çalışırlar. Amma dəyərli istehlakçılarımız bilməlidir ki, müəssisə kənar(neytral) qurum tərəfindən qiymətləndirilməlidir. Ona görə də aldıqları məhsulların tərkibinə və halal loqosunun kim tərəfindən verilməsinə diqqət yetirməlidirlər.

islam.az saytına istinadən.